• Ana səhifə
  • “Skills-Based Hiring: Müasir işə qəbulda diplom yoxsa bacarıq?” - FChain

“Skills-Based Hiring: Müasir işə qəbulda diplom yoxsa bacarıq?” - FChain

İllərdir işə qəbul müsahibələrində minlərlə namizəd görmüşəm. Və hər zaman bir şeyi müşahidə etmişəm: qırmızı diplomlu namizədlər gəlir, amma real işə başlayanda sadə bir problemi həll edə bilmir. Digər tərəfdən də heç bir parlaq universiteti bitirməyən, amma verdiyin tapşırığı göz yumulu və yaradıcı şəkildə həll edən insanlarla rastlaşırıq.

İndi dünyada dəbdə olan bir termin var: “Skills-Based Hiring” — yəni bacarıqlara əsaslanan işə qəbul. Amma gəlin mürəkkəb terminləri bir kənara qoyaq, bunu sadə dildə danışaq.

Diplom əslində nədir? Diplom, əlbəttə ki, dəyərli göstəricidir. O, namizədin 4 il boyunca bir sistemdə qala bildiyini, məsuliyyət götürdüyünü və müəyyən baza biliklərə yiyələndiyini göstərir. Amma diplom heç vaxt o insanın işi real olaraq nə dərəcədə yaxşı görəcəyinə zəmanət vermir.

12 il FMCG kimi sürətli və aqressiv bazarda işləyəndə bir şeyi dəqiq öyrəndim: Bazar diplomu gözləmir, bazar nəticə tələb edir. Sən satışda, logistikada və ya İT-də böhran anında diplomun arxasında gizlənə bilməzsən. Sənə həmin dəqiqə qərar verə bilən, uyğunlaşan və problemi həll edən insan lazımdır.

Niyə işə qəbulda bacarıqlara önəm verməliyik?

  1. Namizəd hovuzunu öz əlimizlə daraltmırıq: Vakansiyaya “mütləq filan universitet bitirməlidir” tələbi qoyanda, bəlkə də özünü mükəmməl inkişaf etdirmiş onlarla istedadlı insanı heç görmədən imtina edirik.
  2. Yanılma ehtimalını azaldırıq: Müsahibədə gözəl danışmaq bir bacarıqdır, amma real iş görmək tam başqa şeydir. Namizədə kiçik bir praktiki tapşırıq, real keys verəndə onun necə düşündüyü və hərəkət etdiyi dərhal ortaya çıxır.
  3. Komandaya uyğunluq (Fit): Təcrübə göstərir ki, bacarıqlı və öyrənməyə həvəsli olan insan texniki işi 2 aya öyrənir. Amma adaptasiya ola bilməyən, ünsiyyət qura bilməyən birini diplomu var deyə dəyişmək olmur.

Bəs diplomu tamamilə unudaq? Əlbəttə, xeyr. Həkim, hüquqşünas və ya mühəndislərdən söz gedirsə, orada təməl akademik təhsil şərtdir. Amma biznesin, marketinqin, satışın və bir çox müasir sahələrin qaydaları hər gün dəyişir. Universitet proqramları bu sürətə çata bilmir. Ona görə də diplom sadəcə “başlanğıc nöqtəsidir”, final göstəricisi deyil.

HR olaraq mənim yanaşmam nədir? Beynəlxalq konsaltinq sahəsində çalışan HR mütəxəssisi kimi biznes sahiblərinə hər zaman bunu deyirəm: Sizə diplom və sertifikatlarla zəngin CV lazımdır, yoxsa işi real olaraq görə bilən insan?

Əgər müasir və rəqabətədavamlı komanda yığmaq istəyiriksə, vacib olan 3 şərt var:

  • Vakansiya elanında lazımsız diplom tələblərini yığışdırmaq.
  • Müsahibəni nəzəri suallarla deyil, real iş situasiyaları (keyslər) ilə aparmaq.
  • Namizədin “öyrənməyə açıq” olub-olmadığını görmək.

Sonda bir HR kimi qısa və konkret xülasəm: Diplom namizədin haradan gəldiyini göstərir, bacarıqları isə sizinlə hara gedə biləcəyini.

Diplom namizədin potensialını qiymətləndirmək üçün bir göstəricidir, amma real iş bacarığının əvəzi deyil.

Seçim hər zaman biznesin özünüküdür. Siz nəyi seçərdiniz?

 

Məqalə müəllifi: Aynur Sadıqova

FChain şirkətinin HR Departamentinin meneceri

Reskillinq və Upskillinq: İnsan Kapitalına İnvestisiya və Gələcəyə Hazırlıq

 

🌐 az.f-chain.com
📩 baku@f-chain.com
📞 (+994 55) 235 86 03/ (+994 012) 505 23 30
📍35C, Mətbuat prospekti, Bakı, Azərbaycan

 

 

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın