- Ana səhifə
- Sahibkarın Balans Hesabatında Anlamalı Olduğu 5 Rəqəm - FChain
Sahibkarın Balans Hesabatında Anlamalı Olduğu 5 Rəqəm - FChain
Bir çox sahibkar belə deyir:
“Mən mühasib deyiləm. Bu mənə lazım deyil.” Tamamilə razıyam.
Sizin mühasibat yazılışlarını, uçot standartlarını və ya vergitutmanın incəliklərini bilməyinizə ehtiyac yoxdur.
Amma sahibkarın mütləq başa düşməli olduğu 5 rəqəm var. Əks halda, biznesi demək olar ki, gözüyumulu idarə etməli olursunuz.
- Hesablardakı və kassadakı pullar
Ən sadə və eyni zamanda insanı ən çox yanıldan rəqəmdir. Burada vacib olan təkcə hazırda hesablarda nə qədər pulun olması deyil. Aşağıdakıları anlamaq mütləqdir:
- Bu vəsait yaxın vaxtdakı öhdəlikləri bağlamağa bəs edirəmi?
- Pulun qalığı artır, yoxsa azalır?
- Bu pulun nə qədəri artıq tədarükçülərə, işçilərə və dövlətə söz verilib (ayrılıb)?
Hesabdakı yüksək qalıq hər zaman biznesdə hər şeyin əla olduğu mənasına gəlmir.
- Debitor borcları
Bu, müştərilərin sizə olan borclarıdır. Sizin pullarınızdır… Amma sizin cibinizdə deyil.
Kağız üzərində bu pul var, amma hesabda yoxdur. Əgər debitor borcları satışlardan daha sürətlə artırsa, bu, təhlükə siqnalıdır. Bəzən şirkət yaxşı mənfəət göstərir, lakin məhz müştərilərin borclarına görə nağd pul çatışmazlığı (likvidlik problemi) yaşayır.
Nəzarət edin:
- Borcun nə qədərinin vaxtı keçib?
- Kim ödəniş etmir?
- Borcun həcmi artır, yoxsa azalır?
- Kreditor borcları
Bu, şirkətin başqalarına olan borclarıdır: tədarükçülərə, podratçılara, işçilərə və dövlətə.
Kreditor borcunun özü-özlüyündə bir problem deyil. Problem sahibkar bu borcun strukturunu və ödəniş müddətlərini anlamağı dayandıranda başlayır. Belə olanda bu, sadəcə borc olmaqdan çıxıb, biznesə yönəlmiş bir təzyiqə çevrilir.
- Ehtiyatlar
Ticarət sahəsi üçün bu, elə mal deməkdir, istehsalat üçün xammal və material. Sahibkar üçün isə bu, müvəqqəti olaraq anbarda yatan, daha dəqiq desək, “basdırılmış” pullardır.
Mallar anbarda qaldığı müddətdə sizin üçün işləmir. Anbarda qalan və satılmayan mal nə qədər çox olarsa, dövriyyədən bir o qədər çox pul çıxarılmış olur.
Yoxlayın:
- Nə qədər mal anbar yükünə çevrilərək ölü nöqtədə qalıb?
- Likvid olmayan (satılmayan) mallar varmı?
- Sistemdəki uçot reallıqla üst-üstə düşürmü?
- Xüsusi kapital
Bu, biznesin sağlamlığının ən yaxşı göstəricilərindən biridir. Sadə dillə desək, şirkətin bütün öhdəlikləri (borcları) ödənildikdən sonra sahibkara qalan hissədir.
Kapital ildən-ilə artırsa, deməli, biznes dəyər yaradır. Əgər azalırsa, səbəblərini araşdırmağa dəyər.
Diqqət yetirin: Bu beş göstəricinin heç birində vergilər barədə bir kəlmə də yoxdur. Çünki sahibkar üçün mühasibatlıq təkcə hesabat vermək üçün deyil, həm də biznesdə nələrin baş verdiyini anlamaq üçün lazımdır.
Əgər mühasibatlıq yalnız “nə qədər vergi ödənilməlidir” sualına cavab verirsə, deməli, onun imkanlarının yalnız kiçik bir hissəsindən istifadə olunur.
Əgər sizdə də belə bir hiss varsa:
“Sanki hər şey hesablanır, amma ümumi mənzərəni görə bilmirəm” — deməli, problem sizdə deyil. Deməli, uçot sistemi idarəetmə aləti kimi işləmir.
Bəs siz bu beş göstəricidən hansına müntəzəm olaraq nəzarət edirsiniz?
Məqalə müəllifi Emil Nəzərov
Mühasibatlıq Biznesin Mənfəətinə Necə Təsir Edir?
🌐 az.f-chain.com
📩 baku@f-chain.com
📞 (+994 55) 235 86 03/ (+994 012) 505 23 30
📍Mətbuat pr.35C, Bakı, Azərbaycan
Məsləhətləşmə
Bizə yazın və ya ən yaxın ofisi tapın