• Ana səhifə
  • HR Analitikası nədir və nəyə lazımdır? - FChain

HR Analitikası nədir və nəyə lazımdır? - FChain

HR analitikası bu gün dünyanın ən çox maraq doğuran sahələrindən biridir və bu maraq getdikcə daha da artır.
Hər hansı bir analizin aparılması üçün ilk növbədə bizə data lazımdır. Dataların toplanması prosesi Data Mining (məlumatların çıxarılması) adlanır. HR analitika vasitəsilə insan resursları, əmək və iş mühiti ilə bağlı məlumatlar təhlil olunur və müəssisənin həm keçmiş, həm də indiki vəziyyəti haqqında hesabat hazırlanır.

Keçmiş və indiki məlumatları analiz etməklə müəssisənin gələcək vəziyyəti barədə proqnoz vermək mümkündür. Bu proses Proqnozlu Analitika (Predictive Analytics) adlanır.

Proqnozlu analitika — keçmiş məlumatlar əsasında gələcəyə yönəlik proqnozlar vermək üsuludur. HR sahəsində proqnozlu analitikanı müxtəlif istiqamətlərdə tətbiq etmək mümkündür.
Məsələn, işdən ayrılma (offboarding) prosesi ilə bağlı məlumatların təhlili nəticəsində gələcəkdə şirkətdən ayrılacaq əməkdaşların sayını proqnozlaşdırmaq və rəhbərliyi əvvəlcədən məlumatlandırmaq olar. Ən vacibi isə, bu proqnozlar əsasında uyğun strategiyalar formalaşdırmaq və müəssisəyə dəyə biləcək potensial zərərləri minimuma endirmək mümkündür.

Proqnozlu analitikanın nəticələri əldə edildikdən sonra növbəti mərhələ — Ssenarili Analitika (Prescriptive Analytics) mərhələsinə keçmək mümkündür.
Bu mərhələdə xüsusi modellər qurulur və tədbirlər planı hazırlanır.
Məsələn, iş şəraitinin yaxşılaşdırılması, əməkhaqqının artırılması, bonus sisteminin tətbiqi və digər motivasiya tədbirləri məhz ssenarili analitikanın nəticələrinə əsasən həyata keçirilə bilər.

HR analitika, HR-in bütün funksional istiqamətlərində tətbiq oluna bilər. Əsas sahələr bunlardır:

İşə qəbul (Recruitment): Namizədlərin seçimi və işə qəbul prosesi üzrə effektiv analiz və qiymətləndirmə.
Əməkhaqqı və bonuslar (Compensation & Benefits): Əməkhaqqı strukturlarının və bonus sistemlərinin optimallaşdırılması, əmək bazarı tələblərinin analizi.
İşdən çıxış (Offboarding): Əməkdaşların işdən ayrılma səbəblərinin təhlili və bu prosesi azaltmaq üçün strategiyaların hazırlanması.
Məzuniyyət idarəçiliyi (Leave Management): Əməkdaşların məzuniyyətlərindən səmərəli istifadə və məzuniyyət siyasətinin optimallaşdırılması.
Performansın qiymətləndirilməsi (Performance Management): Əməkdaşların performansının ölçülməsi, effektivlik göstəricilərinin təhlili və inkişaf planlarının hazırlanması.
Motivasiya və məmnuniyyət (Employee Engagement): Əməkdaş məmnuniyyətinin və motivasiyasının ölçülməsi, iş mühitinin və korporativ mədəniyyətin inkişaf etdirilməsi.

Müasir dövrdə HR rəhbərləri idarə etdikləri biznesin insan resursları tərəfini mütləq şəkildə analiz etməlidirlər.
Bu, onlara həm strateji qərarların qəbulunda, həm də şirkət transformasiyalarının həyata keçirilməsində daha dəqiq və əsaslandırılmış addımlar atmağa imkan verir.

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın